marketinq

Marketinq Nədir?

Marketinq — müştərilərin ehtiyaclarını anlamaq, onlara dəyər yaradan məhsul və xidmətlər təqdim etmək və bu dəyəri effektiv şəkildə çatdırmaq prosesidir. Marketinq yalnız reklam vermək və ya satış etmək deyil — müştərinin problemi ilə həll arasındaki körpünü qurmaq sənətidir.

Dünya Marketinq Assosiasiyasının (AMA) tərifinə görə marketinq müştərilər, tərəfdaşlar və cəmiyyət üçün dəyər yaradan, çatdıran, kommunikasiya edən və mübadiləsini edən fəaliyyət, qurumlar toplusu və proseslərdir.

Sadə dillə desək: kiminsə bir problemi var, sənin isə həll yolun. Marketinq o insana həll yolunun mövcud olduğunu bildirmək, onu inandırmaq və həll yolunu ona çatdırmaqdır.

Marketinqin Tarixi

Marketinq anlayışı müasir dövrin icadı deyil. İnsanlar bazarda ticarət etdiyi gündən bəri bir formada marketinq mövcud olub. Lakin müasir marketinq anlayışı sənaye inqilabı ilə birlikdə formalaşmağa başladı.

19-cu əsr: Kütləvi istehsalın yaranması ilə şirkətlər məhsullarını geniş kütlələrə tanıtmaq ehtiyacı hiss etdi. Bu dövrdə marketinq əsasən çap reklamları və satış vasitəsilə həyata keçirilirdi.

20-ci əsrin əvvəli: 1900-1950-ci illərdə marketinq elmi bir sahə kimi formalaşdı. Harvard Universitetində ilk marketinq kursları açıldı. Bu dövrdə “məhsul yaxşıdırsa özü satılar” anlayışı hökm sürürdü — buna istehsal dövrü deyilir.

1950-1970-ci illər: Televiziyanın yayılması ilə kütləvi reklam dövrü başladı. Coca-Cola, Marlboro, Procter & Gamble kimi brendlər güclü reklam kampaniyaları ilə istehlakçının şüuruna hopdu. Philip Kotler 1967-ci ildə “Marketinq İdarəetməsi” kitabını nəşr etdirdi və müasir marketinqin əsasını qoydu.

1980-1990-cı illər: Bazar seqmentasiyası, hədəfli marketinq və mövqeləndirmə anlayışları gündəmə gəldi. Müştəri mərkəzli yanaşma gücləndi. CRM (Müştəri Münasibətləri İdarəetməsi) sistemləri formalaşmağa başladı.

2000-ci illər: İnternetin kütləviləşməsi ilə rəqəmsal marketinq dövrü başladı. Google, Facebook, YouTube — bu platformalar marketinqi kökündən dəyişdirdi. Ənənəvi marketinqlə rəqəmsal marketinq arasındakı sərhəd getdikcə silinməyə başladı.

Bugün: Süni intellekt, big data, fərdiləşdirilmiş marketinq, influencer iqtisadiyyatı — marketinq dayanmadan dəyişir və inkişaf edir.

Marketinqin Əsas Anlayışları

4P — Marketinq Miksi

Philip Kotler tərəfindən sistemləşdirilən 4P modeli marketinqin dörd əsas sütununu müəyyən edir.

Product (Məhsul)

product

nə satırsınız? Məhsulun xüsusiyyətləri, keyfiyyəti, dizaynı, qablaşdırması, brendin adı — bunların hamısı məhsul qərarlarıdır. Ən güclü marketinq belə, pis məhsulu satmır.

Price (Qiymət)

price

nə qədərə satırsınız? Qiymət yalnız rəqəm deyil — brendin mövqeyini, hədəf auditoriyasını, müştərinin verdiyi dəyəri müəyyən edir. Yüksək qiymət premium imici yaradır; aşağı qiymət isə həmişə üstünlük deyil — dəyərsizlik hissi yarada bilər.

Place (Yer/Distribusiya)

place

məhsulunuz müştəriyə necə çatır? Fiziki mağaza, onlayn platforma, distribütor şəbəkəsi, birbaşa satış — bu qərarlar məhsulun əlçatanlığını müəyyən edir.

Promotion (Tanıtım)

promotion

müştəriyə necə çatırsınız? Reklam, PR, sosial media, satış promosyonları, influencer əməkdaşlığı — bunların hamısı tanıtım qərarlarıdır.

Sonralar bu model genişləndi və xidmət sektoru üçün 7P ortaya çıxdı — əlavə olaraq People (İnsanlar), Process (Proses) və Physical Evidence (Fiziki Sübutu) da daxil edildi.

Müştəri Dəyəri və Məmnuniyyət

Marketinqin mərkəzində müştəri durur. Müştəri dəyəri aldığı faydanın ödədiyi qiymətdən çox olduğunu hiss etdikdə yaranır. Müştəri məmnuniyyəti isə gözləntilərin ödənilməsi — hətta aşılması ilə formalaşır. Məmnun müştəri geri qayıdır, məmnun olmayan müştəri isə həm özü getmir, həm də başqasını gətirmir.

Bazar Seqmentasiyası, Hədəfləmə və Mövqeləndirmə (STP)

Hər məhsul hər kəs üçün deyil. Bazar seqmentasiyası ümumi bazarı oxşar ehtiyacları olan qruplara bölür. Hədəfləmə bu qruplardan ən uyğun olanını seçmək prosesidir. Mövqeləndirmə isə seçilmiş hədəf auditoriyasının zehnindəki yeri müəyyən etməkdir — “biz kimik, niyə rəqiblərdən fərqliyik” sualının cavabı.

Marketinqin Növləri

Marketinq geniş bir sahədir və müxtəlif növlərə bölünür. Hər növ fərqli kanal, yanaşma və hədəf auditoriya ilə işləyir.

Ənənəvi Marketinq

Rəqəmsal dövrden əvvəl mövcud olan bütün marketinq formalarını əhatə edir. Televiziya reklamları, radio, qəzet və jurnal elanları, outdoor reklam (billboard, banner), birbaşa poçt göndərişləri, sərgi və yarmarkalar ənənəvi marketinqin əsas kanallarıdır. Ənənəvi marketinq geniş auditoriyaya çatır, lakin hədəfləmə dəqiqliyi azdır və nəticələri ölçmək çətindir.

Rəqəmsal Marketinq

Reqemsal marketinq

İnternet və rəqəmsal texnologiyalar vasitəsilə aparılan bütün marketinq fəaliyyətlərini əhatə edir. Bu gün ən sürətlə böyüyən marketinq sahəsidir. Rəqəmsal marketinq haqqında ətraflı məlumat üçün buraya keçin

Rəqəmsal marketinqin əsas qolları aşağıdakılardır:

SEO (Axtarış Motoru Optimizasiyası) — vebsaytınızın Google kimi axtarış motorlarında üst sıralarda görünməsini təmin edən prosesdir. Uzunmüddətli üzvi trafik gətirir.

SEM (Axtarış Motoru Marketinqi) — Google Ads kimi platformalarda ödənişli reklam verməkdir. Anlıq görünürlük təmin edir. SEM xidməti üçün əlaqə saxlayın

SMM (Sosial Media Marketinqi) — Instagram, Facebook, TikTok, LinkedIn kimi platformalarda brend məlumatlılığı yaratmaq və auditoriya ilə əlaqə qurmaq prosesidir.

E-mail Marketinqi — mövcud və potensial müştərilərə hədəfli e-mail göndərərək satışı artırmaq və müştəri bağlılığı yaratmaq strategiyasıdır. Ən yüksək ROI-li rəqəmsal kanal hesab edilir.

Kontent Marketinqi — dəyərli məzmun yaradaraq hədəf auditoriyasını cəlb etmək və etibar qazanmaq strategiyasıdır. Kontent marketinq haqqında ətraflı oxuyun

Influencer Marketinqi — sosial media şəxsiyyətləri vasitəsilə məhsul tanıtımıdır.

Affiliate Marketinqi — tərəfdaşların satış üçün komissiya qazandığı performans əsaslı marketinq modelidir.

Brendinq

Brendinq şirkətin, məhsulun və ya xidmətin insanların zehnindəki obrazını formalaşdırmaq prosesidir. Loqo, rəng palitrasından tutmuş brend səsinə, dəyərlərinə qədər hər element brendinqin bir hissəsidir. Güclü brend qurulunca məhsulun fiyatı da yüksəlir, müştəri sadiqliyi artır. Brendinq haqqında ətraflı məlumat üçün keçid edin

B2B Marketinq (Business-to-Business)

B2B marketinq şirkətlərin digər şirkətlərə satış apardığı zaman istifadə etdiyi marketinq növüdür. B2B alış prosesi uzundur, rasionaldır, adətən bir neçə qərar verən şəxs iştirak edir. LinkedIn, kontent marketinqi, vebinarlar, e-mail kampaniyaları B2B-nin ən effektiv kanallarıdır.

B2C Marketinq (Business-to-Consumer)

B2C marketinq şirkətlərin birbaşa son istehlakçıya yönəldiyi marketinq növüdür. Qərar alma prosesi daha qısadır, emosional amillər daha güclüdür. Sosial media, televiziya reklamı, e-ticarət platformaları B2C-nin əsas kanallarıdır.

Birbaşa Marketinq

Müştəriyə birbaşa, vasitəçi olmadan müraciət edilən marketinq növüdür. E-mail, SMS, telefon zəngi, birbaşa poçt — bunlar birbaşa marketinqin əsas alətləridir. Yüksək fərdiləşdirmə imkanı verir.

Gerilla Marketinq

Az büdcə ilə maksimal diqqət çəkmək üçün yaradıcı, qeyri-adi, gözlənilməz marketinq taktikalarının istifadəsidir. Küçə aksiyaları, viral kampaniyalar, flash mob-lar gerilla marketinqin klassik nümunələridir. Kiçik bizneslər üçün xüsusilə effektivdir.

Neyro Marketinq

İnsan beyninin marketinq mesajlarına verdiyi reaksiyaları elmi metodlarla ölçən və bu bilikləri satış strategiyasına tətbiq edən sahədir. EEG, eye tracking, üz ifadəsi analizi kimi metodlar istifadə edilir.

Sosial Marketinq

Mənfəət məqsədi güdmədən cəmiyyətin rifahını artırmaq üçün marketinq texnikalarının istifadəsidir. Siqaret əleyhinə kampaniyalar, sağlıqlı həyat tərzi tanıtımı, ekoloji maarifləndirmə sosial marketinqin nümunələridir.

Real-Time Marketinq (RTM)

Brendlərin cari hadisələrə, trendlərə və sosial media gündəminə anlıq reaksiya verərək yaratdığı marketinq strategiyasıdır. Sürət, yaradıcılıq və aktuallıq RTM-in üç əsas sütunudur.

Marketinq və Satış: Fərq Nədir?

Bu iki anlayış tez-tez qarışdırılır. Halbuki aralarında köklü fərq var.

Marketinq müştərini tapır, maraqlandırır, etibar qazanır və satışa hazırlayır. Satış isə hazır olan müştərini son addıma — alışa — yönəldir. Marketinq olmadan satış hər müştərini sıfırdan inandırmaq deməkdir. Güclü marketinq satış prosesini asanlaşdırır, qısaldır və daha az dirənişlə üzləşdirir.

Philip Kotler bu fərqi belə ifadə etmişdir: satışın məqsədi müştərini məhsula uyğunlaşdırmaqdır, marketinqin məqsədi isə məhsulu müştəriyə uyğunlaşdırmaqdır.

Marketinqin Əsas Prinsipləri

Müştəri mərkəzlilik — bütün qərarların başlanğıc nöqtəsi müştərinin ehtiyacı olmalıdır. “Biz nə satmaq istəyirik?” deyil, “Müştəri nəyə ehtiyac duyur?” sualı önəmlidir.

Ardıcıllıq — marketinq bir dəfəlik kampaniya deyil, davamlı prosesdir. Brend səsi, vizual kimlik, mesaj — bütün kanallarda ardıcıl olmalıdır.

Dəyər yaratmaq — güclü marketinq satmaqdan əvvəl verir. Məlumat, əyləncə, fayda, ilham — bunların hamısı dəyər formalarıdır.

Ölçmək və optimallaşdırmaq — xüsusilə rəqəmsal marketinqdə hər addım ölçülməli, nəyin işlədiyini bilmək üçün məlumatdan istifadə edilməlidir.

Etibar qurmaq — insanlar tanımadıqları brenddən almır. Marketinqin ən dərin məqsədi etibar qurmaq, sonra satmaqdır.

Marketinqdə Ən Çox Edilən Səhvlər

Hədəf auditoriyasını tanımamaq ən fundamental səhvdir. Hamıya yönəlmiş marketinq heç kimə yönəlmiş deyil.

Yalnız məhsul haqqında danışmaq müştərini qaçırır. Müştəri məhsulun xüsusiyyəti ilə deyil, öz probleminə həll ilə maraqlanır.

Nəticələri ölçməmək büdcənin hara getdiyini bilməyi qeyri-mümkün edir. Ölçülməyən marketinq optimallaşdırıla bilməz.

Ardıcıllığı qorumamaq brend imicinə zərər verir. Bir ay intensiv, sonra üç ay sükut — bu auditoriya inamını sarsıdır.

Yalnız satışa fokuslanmaq uzunmüddətli müştəri münasibətini məhv edir. Hər mesaj “al, al, al” formatındadırsa insanlar ayrılır.

Azərbaycanda Marketinq

Azərbaycanda marketinq sahəsi sürətlə inkişaf edir. Son 10 ildə yerli şirkətlər marketinqin yalnız reklam vermək olmadığını anlamağa başlayıb. Brend qurmaq, müştəri təcrübəsini idarə etmək, rəqəmsal kanallara investisiya etmək artıq iri şirkətlərin deyil, kiçik bizneslərin də gündəmindədir.

Azərbaycan bazarında marketinqin xüsusiyyətləri var. Şifahi ünsiyyət və referans hələ də çox güclüdür — müştəri rəyləri, tövsiyələr alış qərarlarına böyük təsir edir. Instagram Azərbaycan auditoriyası üçün dominant platformadır. Azərbaycan dilinde keyfiyyətli kontent hələ çox azdır — bu boşluğu dolduran şirkətlər öz sahələrinin lideri olmaq üçün ciddi üstünlük əldə edir.

Şərh Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir